DNT-dəki fövqəladə məlumat saxlama qabiliyyəti

İndiki vaxtda məlumat saxlama sahəsində reallaşdırılan texnoloji irəliləyişlər heyrətverici səviyyədədir. Kompyuter hard diskləri, CD-lər, disketlər, daşıma diskləri və bənzəri texnoloji məhsullar hər gün daha inkişaf etmiş və daha sərfəli hallarıyla istifadəyə təqdim edilir. Kompyuter şirkətləri, "minimum sahədə maksimum məlumat zərər görmədən necə yığılır", "bu məlumat, lazım olduqda yığıldığı sahədən maksimum hansı sürətlə geri alınıb istifadə edilir" kimi suallara cavab axtarırlar. Hər nə qədər bir CD-yə ensiklopediyalar tərəfindən məlumat yerləşdirilsə də, yenə də bu CD əlinizlə daşıya biləcəyiniz ölçüdə bir həcmə malikdir. DNT-nin məlumatı miniatürləşdirmə, digər bir adıyla sıxlaşdırma qabiliyyəti isə hal-hazırdakı texnologiyadan çox irəlidə, heyrətverici bir ölçüdədir. Müqayisə etsək, Los Anceles, Cənubi Kaliforniya Universitetindən Leonard Adlemanın etdiyi hesablamalara görə, yalnız 1 qram DNT bir trilyon CD-ə bərabər dəyərində  məlumat saxlaya bilir. (38) Bu da məlumatın DNT üzərində bir CD-ə görə milyon dəfə daha məhsuldar saxlandığını göstərir.


İnsan DNT-nin həcmi bir millimetr kubun üç milyardda biri qədər (3 x 10-9 mm3) kiçikdir. G. G. Simpsona görə, bu günə qədər yaşamış, gəlib keçmiş hər canlı növünün bütün xüsusiyyətləri məlumat olaraq DNT-ə yüklənsə, cəmi DNT həcmi bir çay qaşığının ancaq kiçik bir qismini doldurardı. Hətta geriyə bu ana qədər yazılan bütün kitabları saxlaya biləcək qədər boşluq qalardı.
Yeni bir texnologiya sahəsini meydana gətirən DNT kompyuterinin ixtiraçısı Dr. Leonard Adleman isə hüceyrə və DNT-dəki mexanizm haqqında bunları deyir:


"Əgər hüceyrənin içinə baxsaq, özümüzün edə bilməyəcəyimiz fövqəladə maşınlar görərik. Bu möhtəşəm bir alət qutusudur."


Ancaq darvinistlərə görə, hüceyrənin içindəki on minlərlə cildlik kitab dəyərində nəhəng məlumat bankı guya təsadüflər nəticəsində özbaşına meydana gəlmişdir. Bir qeyri-mümkünlüyün üstünə heç çəkinmədən yeni birini əlavə edə bilən darvinistlərə görə, bir stadionu dolduracaq qədər böyük bir kitabxananın bütün məlumatları, gözlə görülməyən bir ölçüyə yenə təsadüf əsəri zərər görmədən yerləşdirilmişdir. Məhz darvinistlər belə bir qeyri-mümkünlüyü gözü bağlı müdafiə edirlər. Ancaq nə hüceyrə, nə də onun məlumat bankı olan DNT şüursuz atomların təsadüfi olaraq bir yerə gəlməsiylə meydana gələ bilməz. Canlılıların ən kiçik hissələri də belə müəyyən bir məqsədə istiqamətli olaraq yaradılmışdır və hər biri təsadüflərə imkan tanımayacaq qədər kompleks strukturlardır. Sidney Universitetindən biologiya professoru Michael Corc Pitman həyatın yalnız cansız maddələrin cəmi olmadığını, Alman filosof Schoepenhauerin bu ifadələriylə dilə gətirmişdir:


"... Hər orqanizm bütün hissələri boyunca canlıdır və bunlar heç bir yerdə ən kiçik hissəcikləri belə sadəcə cansız maddələrin cəmi deyil."


DNT-dəki məlumat həcmini ədədi olaraq ifadə etsək, 3-5 mikron (mikron: millimetrin mində biri) diametrindəki bir hüceyrə içinə, cəmi 4 metr uzunluğundakı DNT molekulu sıxışdırılıb qablaşdırılmışdır. 100 trilyon hüceyrənin hər birindəki DNT kodları ard-arda gətirildikdə isə ortaya çıxan uzunluq Günəşə 600 dəfə gediş-gəliş məsafəsinə bərabərdir. Elmi məqalələri ilə tanınan molekulyar bioloq Prof. Jerry Berqman verdiyi bir nümunədə DNT-dəki mühəndisliyi belə vurğulayır:


Sizdən 230 kilometr uzunluqda iki ayrı sim götürməyinizi, bunu 2 spiral halına gətirməyinizi və sonra da bir basketbol topunun içərisinə sığacaq şəkildə qablaşdırmağınızı istədiklərini fərz edin. Həmçinin, bu cüt spiralın zəncirbənd kimi açılıb bağlanması tələb olunsun... sonra köçürülən hissə çölə çıxarılsın və bu sırada simlər qətiyyən bir-birinə qarışmasın. Bu mümkündürmü? Bu hər gün bədəninizdəki milyardlarla hüceyrədə reallaşır. Basketbol topunu insan hüceyrəsi ölçüsünə endirdikdə, ip də iki metrə yaxın bir DNT zəncirinə çevriləcək... DNT qablaşdırma əməliyyatı həm kompleks və həssas bir müddətdir, həm də DNT-nin uzunluğunu 1 milyon qat azalda bilməyi bacardığı üçün son dərəcə məhsuldardır.


Molekulyar bioloq Michael Denton isə DNT-nin məlumatı sıxışdırma tutumundakı heyrətamizliyi bu sözlərlə dilə gətirir:
"Hüceyrələrin həddindən artıq dərəcədə kompleks varlıqlar olduqları açıqdır. Hüceyrədəki komplekslik bir nəhəng reaktivdə olandan daha çoxdur... sanki nəhəng reaktivdəki komplekslik insan gözünün görə bilməyəcəyi bir toz zərrəsinə qablaşdırılmışdır. Bu qədər kompleks olan bir şeyin bu qədər kiçik bir həcmə necə yerləşdiyini anlamaq çox çətindir. Üstəlik, zərrə böyüklüyündə bu nəhəng reaktiv heç bir səy sərf etmədən özünü çoxalda bilir."


DNT-nin məlumat saxlama qabiliyyəti o qədər məhsuldardır ki, bir insana aid bütün məlumatlar yalnız bir qramın bir neçə trilyonda biri qədər yerə yerləşir. Yale Universitetindən Prof. Corc Gaylord Simpsona görə, yer üzündə gəlmiş keçmiş 1 milyard canlıya aid məlumat, asanlıqla bir duz dənəciyi içərisinə yerləşdirilə bilər. Milli İnsan Genomu Araşdırma İnstitutunun direktoru, eyni zamanda fizik və genetik olan Prof. Francis S. Collins isə DNT ilə əlaqədar işləri nəticəsində bunları ifadə edir:


"Watson və Crick DNT-nin cüt spiral quruluşunu aşkar etdikdən bu yana əlli il keçdi. İndi DNT üzərində qeydli məlumatın həssaslığı üzərində düşünə bilmək çox möhtəşəmdir... Bu rəqəmsal kod insan bədənindəki hər hüceyrədə asanlıqla köçürülə bilən inanılmaz miqdarda məlumatın saxlanmasına imkan yaradır. Cüt spiral şəklindəki DNT əsas cütlərindən meydana gəlir və hüceyrə nüvəsindəki insan genomu içərisində bunlardan üç milyard ədədi qablaşdırılmış halda durur... Bu üç milyard hərf insan bədənindəki bütün bioloji xüsusiyyətləri istiqamətləndirə bilir."


Məşhur molekulyar bioloq Michael Denton isə bioloji məlumatın hüceyrə nüvəsinin kiçik həcmi içərisində qablaşdırılmasına imkan yaradan, DNT-nin qablaşdırma xüsusiyyətlərinin, insan üçün xüsusi olaraq təşkil edildiyini ifadə edir. DNT bəhs olunan mövzuda sıxışdırma tutumuna sahib olmasaydı, hüceyrənin nizamsız DNT düzülüşlərini əhatə edə biləcək şəkildə çox daha böyük olmalı idi. Lakin hüceyrələrin daha böyük olmaları mümkün deyil. Çünki hüceyrənin oksigen və qida qaynaqları ancaq hüceyrənin mövcud diametri qədər məsafədə məhsuldardır. Bu baxımdan hüceyrənin böyüklüyü bu səbəbdən DNT-nin sıxışdırma qabiliyyəti insan baxımından həyati dərəcədə əhəmiyyətlidir.


Bu möhtəşəm qablaşdırma sistemi DNT molekulunun qıvrılma və uzun sarğac meydana gətirmə qabiliyyətləri sayəsində mümkün olur. Bu uzun sarğaclar da bükülərək iç-içə keçmiş nizamlı sarğaclar meydana gətirərlər. Beləcə, hər hüceyrənin nüvəsində irəli səviyyədə bir mühəndisliyə sahib qablaşdırma texnologiyası görünür. Uca Rəbbimizin hüceyrələrimizdə yaratdığı bu qablaşdırma sistemi ilə milyonlarla kilometrlik DNT hərfi gözlə görə bilmədiyimiz bir ölçüdə gizli qalır.

 

İnsan hüceyrəsindəki nəhəng ensiklopediya

DNT-də qeydli olan məlumatın miqdarı heyrətamizdir. Belə ki, gözlə görülməyən tək bir DNT molekulunda tam olaraq bir milyon ensiklopediya səhifəsini dolduracaq miqdarda məlumat olur. Diqqət yetirin; tam 1.000.000 ensiklopediya səhifəsi... Başqa sözlə, hər bir hüceyrənin nüvəsində insan bədəninin funksiyalarını nəzarət etməyə yarayan, bir milyon səhifəlik məlumat kodlaşdırılmışdır. Bu miqdarı belə bir nümunə ilə zehnimizdə daha yaxşı canlandıra bilərik: Dünyanın ən böyük ensiklopediyalarından biri olan 23 cildlik "Encyclopedia Britannica"nın belə cəmi 25 min səhifəsi vardır. Bu vəziyyətdə qarşımıza heyrətamiz bir mənzərə çıxır. Mikroskopik hüceyrənin içindəki ondan çox daha kiçik bir nüvədə milyonlarla məlumat ehtiva edən dünyanın ən böyük ensiklopediyasının 40 qatı böyüklüyündə bir məlumat anbarı gizlənmişdir. Bu da 920 cildlik, dünyada tayı-bənzəri olmayan nəhəng bir ensiklopediya deməkdir. Edilən təsbitlərə görə, bu nəhəng ensiklopediya təxminən 5 milyard fərqli məlumata malikdir. Bu son iki sözü təkrarlayaq; "məlumata malikdir"...


Məhz burada dayanıb, ağzımızdan asanca çıxan bu iki söz üzərində düşünməliyik. Bir hüceyrənin içində milyardlarla məlumat olduğunu söyləmək asandır. Ancaq burada haqqında söz açdığımız bir kompyuter və ya kitabxana deyil, yalnız zülal, yağ və su molekullarından ibarət olan, millimetrdən 100 qat daha kiçik bir sahədir. Bu kiçik molekul dəstinin içində nəinki milyonlarla məlumat, tək bir məlumatın mühafizə edilməsi belə son dərəcə heyrətverici bir möcüzədir. Üstəlik bənzətmə məqsədiylə istifadə edilən "kitab", "ensiklopediya" kimi anlayışlar məlumat saxlayan, lakin cansız və durğun qaynaqlardır. İçindəki məlumatların oxunması və təlimatların yerinə yetirilməsi üçün şüur sahibi birinə ehtiyac vardır. Lakin DNT-dən bəhs etdikdə, yalnız məlumat saxlayan deyil, bu məlumatı istifadə edən, tətbiq edən canlı bir məlumat qaynağından bəhs etmiş oluruq.


Gözlə görə bilmədiyimiz, diametri millimetrin milyardda biri böyüklüyündə olan, atomların yan-yana düzülməsiylə meydana gəlmiş bir zəncir, belə bir məlumata və yaddaşa necə sahib ola bilər? Bu suala bunu da əlavə edək: Bədəninizdəki 100 trilyon hüceyrədən hər biri bir milyon səhifəni əzbərdən bilirkən, görəsən siz ağıllı və şüurlu bir insan olaraq həyatınız boyunca neçə ensiklopediya səhifəsi əzbərləyə bilərsiniz? Bütün bu suallar vicdan və ağıl sahibi hər kəsi, hüceyrənin üstün bir ağılın, üstün bir elmin əsəri olduğu həqiqətinə aparacaq. Təkamülçülərin iddia etdiyi kimi təsadüflərlə, deyil milyardlarla hüceyrədən ibarət olan bir canlı, tək bir hüceyrədəki DNT-nin belə meydana gəlməsi mümkün deyil. Hər şeyin Yaradıcısı Uca Allahdır. Bir Quran ayəsində Allah belə buyurar:

Onlar Allahı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir! (Həcc surəsi, 74)

 

DNT-dəki kompyuterlərdən irəli məlumat saxlama texnologiyası

Dövrümüzdə böyük miqdarda məlumatın saxlandığı ən qabaqcıl texnologiya kompyuterlərdir. Bundan 50 il əvvəl otaq böyüklükdə bir kompyuterin sahib ola bildiyi məlumatı bu gün kiçik disklər saxlaya bilir... Ancaq DNT ilə kompyuteri müqayisə etdikdə, insan zəkasının əsrlərdir əldə etdiyi məlumat təcrübəsi və illər sürən səyləri nəticəsində inkişaf etdirdiyi bu son texnologiyanın daha DNT-nin məlumat saxlama tutumuna yaxınlaşa bilmədiyini görərik.


DNT millimetrin yalnız iki milyonda biri qalınlığındadır. Bu heyrətamiz incəliyinə və 4 metr uzunluğuna baxmayaraq, DNT düzülüşləri bir-birinə dolanmaz. Xüsusi quruluşu sayəsində hüceyrənin nüvəsində mükəmməl bir şəkildə tab gətirən DNT bənzərsiz bir mühəndislik proyekti nümunəsidir. Kompyuter mühəndisləri üçün mümkün olduğu qədər kiçik hissələrdə mümkün qədər böyük miqdarda məlumat saxlamaq əsas hədəflərdən biridir. Bu anda yer üzündə bilinən ən üst səviyyədəki saxlama tutumu DNT molekuluna aiddir. Microsoft Proqram Şirkətinin direktoru Bill Gates The Road Ahead (Kənardakı Yol) adlı kitabında belə yazmışdır:


"İnsan DNT-si bir kompyuter proqramına bənzəyir, ancaq bizim bu ana qədər açıqlaya bildiklərimizdən daha çox inkişaf etmişdir."
Məşhur Amerikan filosofu Prof. Daniel Dennet Darwins Dangerous Idea (Darvinin Təhlükəli Fikri) adlı kitabında DNT-dəki məlumat sıxlığını belə təsvir etmişdir:


"Kompyuter dövrünün "mühəndislik möcüzələrinə" vərdiş etməyimizə baxmayaraq, DNT ilə əlaqədar həqiqətləri qavramaq çox çətindir. Molekul ölçüsündəki bu maşınlar köçürmə edirlər. Eyni zamanda redaktorluq edən fermentlər inanılmaz bir sürətlə səhvləri düzəldir. Onların etdikləri işin diametrinə, hələ super kompyuterlər belə çata bilmir. Bioloji makro molekulların saxlama tutumu dövrümüzdəki nümunələrindən dəfələrlə üstündür.


DNT-dəki kodların düzülüşü kompyuter sistemindəki ədədi silsilə düzülüşünə bənzəyir. Kompyuter mühitində ədədlər bir görünüşü, məsələn, bir kompyuter oyununu işlədən təlimatları və ya bir kitabın mətnini saxlaya bilər. DNT-də olan kodlar da yeni zülallar çıxarmağa yarayan məlumatı saxlayır. (55) Ancaq heç bir kompyuter mühəndisi gözlə görülməyən bir sahədə 1 milyon ensiklopediya səhifəsi qədərlik məlumatı saxlayan DNT-ni təqlid edə bilməz. DNT-nin təsadüflərlə ortaya çıxdığını iddia etmək ən inkişaf etmiş kompyuterin təsadüflərlə ortaya çıxa biləcəyini iddia etməkdən daha çox ağıldankənardır. DNT bütün açıqlığıyla Allahın üstün yaratmasının dəlillərini sərgiləyir. Allah Quranda bənzərsiz yaratmasını belə bildirir:

O, göyləri və yeri icad edəndir. Onun zövcəsi olmadığı halda övladı necə ola bilər? Hər şeyi O xəlq etmişdir. O, hər şeyi bilir. (Ənam surəsi, 101)

DNT-dəki nəhəng məlumat bankını izah edən inanılmaz müqayisələr

Elm adamları insandakı genetik məlumatın çoxluğunu vurğulamaq üçün ölçü vahidləri istifadə etmək yerinə, müxtəlif bənzətmələrə müraciət edirlər. DNT-dəki məlumat tutumunun genişliyini vurğulayan nümunələrdən bir qismi belədir:
*** İnsan genomundakı məlumat əlifba istifadə edilərək yazıla bilsəydi, hər biri 1.000 səhifə olan və hər səhifəsində 3.000 hərf olan 1.000 ədəd kitaba yerləşərdi.
1.000 kitab x 1.000 səhifə x 3.000 hərf = 3.000.000.000 hərf (3 milyard hərf)


*** İnsan genomundakı üç milyard genetik hərf tək bir sətirə yazılsaydı, Şimal qütbündən Ekvatora qədər uzanardı. Gündə səkkiz saat, ildə 220 gün yazı maşınında işləyən bir adam, dəqiqədə 300 hərf yazma sürətiylə bu vəzifəsini tamamlamaq üçün tam 95 il işləmək məcburiyyətində qalardı.


*** Əgər genetik məlumat, yazılı hala gətirilsəydi, 160 səhifəlik kitablardan 12.000 ədəd lazım olardı. 16 MB (meqabayt: kompyuterdə 1 milyon ədəd ən kiçik məlumat vahidi) tutumlu kompyuter çipləriylə müqayisə edildikdə isə insanın DNT düzülüşü bundan 1.400 qat daha çox məlumat saxlaya bilər.


*** Əgər 2 mm diametrindəki bir-neçə iynə ucu DNT molekulunun qalınlığına sahib bir düzülüş olana qədər çəkilərək uzadılsaydı, Ekvatordan 33 qat daha uzun olardı.


*** DNT üzərindəki məlumat bir kitabxananı dolduracaq 100 ədəd 30 cildlik ensiklopediya dəsti ala biləcək tutumdadır.


*** DNT-dəki məlumatlar kitablar halında üst-üstə qoyulsaydı, kitabların yüksəkliyi 70 metr olardı. Ya da bu məlumatlarla, 200-ə yaxın 500 səhifəlik telefon kitabçası doldurula bilərdi.


*** İnsan bədənindəki bütün hüceyrələrin DNT-ləri düzləşdirilib, uc-uca əlavə olunsa, təxminən 50 milyard kilometr uzunluğunda olacaq. Bu uzunluq dünyadan Günəş sisteminin kənarına çatmaq üçün kifayətdir. İşığın bədəninizdəki bütün DNT-lər boyunca səfər edə bilməsi üçün, təxminən 2 gün lazım idi.


*** Genetika mütəxəssisi Professor Jerome Lejeuneyə görə, Yer üzərində yaşayan bütün insanlara aid genetik məlumat bir neçə aspirin həbindən böyük olmayan DNT üzərində saxlana bilər.


*** İnsanın tək bir hüceyrəsindəki DNT-də 1 milyon ensiklopediya səhifəsini doldura biləcək miqdarda məlumat olur. Bir kəs öz genetik məlumatını oxumağa cəhd etsə buna ömrü çatmaz. Hər gün 24 saat boyunca, heç dayanmadan, saniyədə bir DNT şifrəsi oxusa, bu əməliyyatın tamamlanması üçün 100 il keçməlidi.


*** DNT molekulundakı məlumat sıxlığını zehninizdə canlandıra bilmək üçün bir topa iynə ucuna sığacaq miqdarda DNT-niz olduğunu fərz edin. İndi bu məlumatın 160 səhifədən ibarət olan kitablarda yazılı olduğunu düşünün. Bu qədər kiçik miqdarda bir DNT içərisində 160 səhifəlik bu kitablardan 15 trilyon (15 x 1012) qədər yerləşə bilərdi. Əgər bu qədər kitab əlinizdə olsaydı və hamısı üst-üstə düzülsəydi, dünya ilə Ay arasındakı məsafənin (384.000 km) 500 misli qədər məsafəyə uzanardı. Ya da bu kitablar yer üzündə yaşayan orta hesabla 6 milyard insana bərabər olaraq paylansaydı, hər adama 2.500 kitab düşərdi.


Bu nümunələrdə ifadə edilməyə çalışılan ucsuz-bucaqsız məlumat hər hüceyrənin nüvəsində gözlə görülməyən bir ölçüdə yığılır. Böyük bir kitabxanaya bərabər dəyərində məlumat yığan DNT-nin, təxminən 100 trilyon hüceyrədə olması bu kitabxanadan 100 trilyon olması deməkdir. Bu məlumat xəzinəsini insan oğlunun çatdığı məlumat səviyyəsiylə müqayisə etmək istəsək, nümunə verə biləcəyimiz bənzər bir böyüklük tapa bilmərik. Bir də bu miqdarı dünya üzərində bu anda yaşayan 6 milyard insan və eyni vaxtda yaşayıb ölmüş milyardlarla insan sayı ilə vursaq, qarşımıza qavranması çətin olan böyüklükdə, ucsuz-bucaqsız bir məlumat miqdarı çıxar. Üstəlik, burada yalnız insanın genetik məlumatından bəhs edirik. Bir də yer üzündə indiyə kimi yaşayan milyonlarla canlı növünün genetik məlumatına diqqət etsək, bu miqdar ağlın sərhədlərini çətinləşdirən ölçülərə çatar. Hər cür məlumatın sahibi Uca Rəbbimizin DNT-də təcəlli edən elmi təsadüf iddialarını yerlə bir edir. Bir ayədə belə buyurulur:

Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz. Allaha aid etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya surəsi, 18)

 

DNT sonsuz məlumat və ağıl sahibi Allahın sənətinin nümunələrindəndir

Təkamül nəzəriyyəsinin təməl iddiaları kor təsadüflərə söykənir, halbuki, təsadüf məlumat meydana gətirməz. Bir gün bir kağız üzərində xərçəngi müalicə edən bir dərmanın düsturu yazılı olaraq tapılsa, bu elm adamını bir an əvvəl tapmaq, hətta özünə mükafat vermək üçün bütün əlaqədar qurumlar səfərbər olar. Heç kim "Görəsən, bu yazı kağıza mürəkkəbin tökülməsi ilə meydana gəldi?" deyə düşünməz. Ağıl sahibi, sağlam düşünən hər insan bu yazını ancaq kimya, fiziologiya, onkologiya (xərçəng xəstəliklərini araşdıran elm sahəsi) və farmakologiya (dərmanları araşdıran elm sahəsi) üzrə ixtisas sahibi olan birinin yazdığını düşünəcək.


Təkamülçülərin DNT-dəki məlumatın qaynağını təsadüflərlə açıqlamağa çalışmaları, oxuduğunuz bu yazının təsadüfən meydana gəldiyini iddia etməklə müqayisə olunmayacaq böyüklükdə bir məntiq pozuqluğudur. Çünki DNT-də bədəndəki 100 min növ zülalın hər birinə aid dəqiq molekulyar düsturlar və bunların istehsalı əsnasında uyğun gələn həssas təlimatlar yazılmışdır. Bununla yanaşı, digər hüceyrələrlə ünsiyyətdə uyğun gələcək xəbərləşmə protokolları, bunun üçün istifadə ediləcək xəbərçi hormonların istehsal planları və bunlar kimi saysız müxtəliflikdəki başqa məlumatlar da DNT-də yazılıdır.


DNT-nin və ehtiva etdiyi ucsuz-bucaqsız məlumatın öz-özünə meydana gəldiyini iddia etmək ciddi bir məntiq çöküntüsüdür. İnsan Genomu layihəsini icra edən Celera Genomics şirkətinin mövzu haqqındakı ən əhəmiyyətli mütəxəssislərindən biri olan Yen Myers DNT-dəki məlumatın fövqəladəliyini belə ifadə etmişdir:


"Biz də hələ anlamamışıq… metafizik, fövqəltəbii bir ünsür var. Məni həqiqətən heyrətə salan həyatın memarlığıdır… Sistem inanılmaz dərəcədə kompleksdir... Burada [DNT-də] çox möhtəşəm bir ağıl var. Belə düşünməyin elmdən kənar olduğuna inanmıram. Digərləri elə düşünə bilər, lakin mən yox."


Kitabın sonrakı hissələrində yer alan DNT-nin mənşəyi ilə əlaqədar təkamülçü iddialar "həll edilməmiş bir sirr" kimi ifadələrlə doludur. Bəzən də yuxarıda görüldüyü kimi, DNT-dəki fövqəladəlik üstün bir ağıl ifadəsiylə açıqlanmağa çalışılır. Bəzi elm adamlarının ifadə edə bilmədiyi amma heyran qaldığı bu ağıl və məlumat Uca Rəbbimiz Allahın sonsuz ağlının və sonsuz məlumatının əks olunmasıdır. Bir Quran ayəsində belə buyrulur:

Allah göylərin və yerin nurudur. Onun möminlərin qəlbində olan nuru, içində çıraq olan bir taxçaya bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. O çıraq təkcə şərqə və ya təkcə qərbə aid edilməyən daim günəş şüaları altında qalan mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. Bu nur üstündə nurdur. Allah istədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi Biləndir. 
(Nur surəsi, 35)